Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
100 yaşlı Kosalar məktəbinin yubileyi qeyd olundu

0

  •         İyunun 14-də Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyətini davam etdirən Xocalı rayon Kosalar kənd tam orta məktəbinin 100 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinın başçısı Şahmar Usubov, Qarabağ Regional Təhsil İdarəsinin məktəbə ezam olunmuş şəxsləri, qocaman müəllimlər, məktəbin respublikamızın şəhər və rayonlarında müxtəlif sahələrdə çalışan məzunları, vaxtilə məktəbdə çalışmış müəllimlərin övladları, Birinci Qarabağ Müharibəsinin, Vətən Müharibəsinin veteranları, şəhid ailələri, "ARB", "ATV" kanallarının bölgə müxbirləri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər.        Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində yerləşən Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzdülər.        
    Xocalı rayon Kosalar kənd Mədəniyyət Evində davam edən tədbirdə Dövlət Himnimiz səsləndirildi. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və dünyasını dəyişən müəllimlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.          
    Tədbiri giriş sözü ilə açan Xocalı rayon Kosalar kənd tam orta məktəbinin direktoru Rafiq Quliyev məruzə ilə çıxışında məktəbin yaranma tarixindən, keçdiyi inkişaf yolundan, məktəbə rəhbərlik etmiş şəxslərdən, bu təhsil ocağında çalışmış müəllimlərdən, həmçinin bu müddət ərzində məktəbin qazandığı uğurlardan danışdı. Bildirdi ki, Kosalar kənd məktəbi 1922-ci ildən fəaliyyət göstərir. İbtidai məktəb kimi fəaliyyətə başlayan bu məktəb 1930-cu ildə yeddiillik, 1959-cu ildə səkkizillik, 1978-ci ildə isə onillik təhsilə keçilir. 1990-cı ildən 11 illik adlandırılan məktəb (IV sinif olmamaq şərti ilə), 1992-ci ildən isə 11 illik təhsilə keçmişdir. 1978-ci ilə kimi məktəb Qaçaq Mahmudun 15 otaqdan ibarət şəxsi evində fəaliyyət göstərmişdir.         
    Kosalar kəndində yaradılan ibtidai məktəbin ilk müəllim və müdiri Məhərrəm Qaybalıyev olmuşdur.  O, 1922-1925-ci illərdə məktəbə rəhbərlik etmişdir. Sonrakı illərdə ardıcıl olaraq Xudan Həsənov (1925-29), Məhəmməd Rəşidov (1929-35), Rəşid İsgəndərov  (1935-42), Yusif Əliyev (1942-1947-ci illər), Asif Əliyev (1947-1949-cu illər), İsa Hacıyev (1949-1950-ci illər), İdris Quliyev (1950-1961-ci illər), Şahid Hacıyev (1962-1964-cü illər), Maarif Quliyev (1965-2008-ci illər), Rasim İbrahimov (2009-2014-cü illərdə) Kosalar məktəbində direktor olmuşdur. 2014-cü ildən isə məktəbin direktoru Rafiq Quliyevdir. Allahdan dünyasını dəyişən müəllimlərimizə rəhmət diləyir, qalanlara isə cansağlığı arzu edirik.         
    70-ci illərin sonlarında Kosalar kənd məktəbi hələ də natamam orta məktəb olaraq qalırdı. 8 illik məktəb artıq təhsilimizin səviyyəsinə cavab vermirdi. Bu da şagirdlərin Xankəndinə və ya başqa yerə gedərək təhsillərini davam etdirmələrinə səbəb olurdu. Bu vəziyyət eyni zamanda kənd əhalisinin sayının ildən-ilə azalmasına da gətirib çıxarırdı. Belə yarıtmaz siyasət Vilayətin erməni rəhbərlərinin məqsədyönlü planları idi. Yeni məktəbin tikilməsi üçün dəfələrlə müəllimlərin, şagirdlərin, əhalinin, “Qəhrəman analar”ın adından Moskvaya məktublar göndərilmişdir. Hər dəfə də yeni məktəb tikintisinə rayonun erməni rəhbərləri maneəçilik törədirdilər. 1969-cu ildən Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra Qarabağda ermənilərin azərbaycanlılara qarşı mürtəce siyasəti iflasa uğradı. Artıq onlar azəbaycanlı faktorunu nəzərə almağa məcbur olur, azərbaycanlıların da tələbatlarını ödəyirdilər. 70-ci illərin əvvəllərində dahi şəxsiyyət Heydər Əliyevə edilən yeni müraciətə müsbət cavab verildi. Heydər Əliyevin xüsusi göstərişi ilə yeni məktəbin inşasına başlanıldı. Kosalar əhalisi elə həmin vaxtdan Ulu öndərə öz etimadını göstərərək, minnətdarlıqlarını bildirirlər. Nəhayət, "Xırmanın yeri" adlanan ərazi münasib yer seçilir, məktəb tikintisi üçün işlərə başlanılır. 1978-ci ildə kəndin gözəl, mənzərəli yerində yeni tipli ikimərtəbəli, şəhər məktəbləri üslubunda 24 otaq, idman zalı və digər bütün təminatı olan 360 yerlik məktəb inşa edilib istifadəyə verilmişdir.        Kosalar kəndi 1992-ci il may ayının 9-da erməni quldurları tərəfindən işğal edildi. Bundan sonra Kosalar məktəbi öz fəaliyyətini Gəncə şəhəri Hacıkənd qəsəbəsində davam etdirməli oldu. Xocalı rayon Kosalar kənd tam orta məktəbi hal-hazırda Cənab Prezidentin 2004-cü ildə imzaladığı müvaviq Sərəncama əsasən 2014-cü ildə Gəncə şəhəri ərasində inşa edilmiş 600 ailəlik qəsəbədə 440 yerlik məktəbdə fəaliyyətini davam etdirir.       
    Sonra Qarabağ Regional Təhsil İdarəsinin Xocalı və Xocavənd rayonları üzrə sektor müdiri Xəyyam Cəfərov çıxışında “Son zəng” tədbirlərinin hansı qaydada keçirilməsi ilə bağlı təlimatları diqqətə çatdırdı. Qeyd etdi ki, 2022-2023-cü tədris ilində Xocalı rayonunun 12 ümumtəhsil məktəbində 135 məzun üçün "Son zəng" çalınır. Məzunları təbrik edən Xəyyam Cəfərov onlara müstəqil həyatda uğurlar arzuladı.         Kosalar kənd məktəbində təhsil almış məzunlardan - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin rəis müavini, tibb xidməti polkovnik-leytenantı Nicat Mirzəyev, Kosalar kənd nümayəndəliyinin nəzdində olan Qaragav kənd məktəbinin direktoru olmuş və Xocalı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışmış, hal-hazırda Qarabağ Regional Təhsil İdarəsinin Xocalı və Xocavənd rayonları üzrə  aparıcı məsləhətçisi vəzifəsində işləyən Şakir Əliyev, Kəlbəcər Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Elşən Quliyev, "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov, Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb və Şuşa şəhər 3 saylı tam orta məktəbində müəllim, Neft Akademiyasının Şuşa filialında baş müəllim olmuş, uzun illər Xocalı rayon İcra Hakimiyyəti Aparatında İctimai-siyasi və humaitar şöbəsində çalışan, hal-hazırda "Qarabağa Dönüş" İctimai Birliyində məsləhətçi vəzifəsində işləyən Nadir Rəşidov çıxışlarında Kosalar kənd məktəbində təhsil aldıqları üçün fəxr hissi keçirdiklərini vurğuladılar. Həyatda qazandıqları uğurların təməlində müəllim əməyinin əhəmiyyətindən danışan fəxri məzunlar dünyasını dəyişən müəllimlərə Allahdan rəhmət dilədilər, yaşayanlara uzun ömür, cansağlığı arzuladılar.      
    Kosalar kənd tam orta məktəbində ömrünü şagirdlərin təlim-tərbiyəsinə həsr edən müəllimlərdən - əmək fəaliyyətinə Kosalar məktəbində riyaziyyat müəllimi kimi başlayan, sonralar müxtəlif məsul vəzifələrdə, həmçinin rayon icra hakimiyyəti aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışmış, hal-hazırda təqaüddə olan Vaqif Ağayev, tarix müəllimi Arif Rəşidov, dil-ədəbiyyat müəllimi Bəyməmməd Quliyev təşkil edilən tədbirin əhəmiyyətindən söz açdılar. Kövrək ifadələrlə dolu çıxışlarda ötən illər yada salındı. Məktəbdə keçən xoş xatirələrdən söz açıldı. Çıxışlarda qeyd olundu ki, mərhum direktor, fədakar təhsil işçisi Maarif Quliyevin məktəbə rəhbərlik etdiyi dövrdə məktəbin adət və ənənələrinin qorunub saxlanılmasında, şagirdlərə yüksək səviyyədə təhsil vermək üçün hər bir müəllim əlindən gələnin artığını etməyə çalışırdı. Natiqlər məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdığını, şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılmasında əvəzsiz xidmətlər göstərdiyini qeyd etdilər. Vurğulandı ki, mənfur düşmənlərin təcavüzünün qarşısının alınması üçün müəllimlər də silaha sarıldı. Bu məktəbin vətənpərvərlik ruhunda tərbiyə olunan yetirmələri doğma Kosalar kəndinin müdafiəsi uğrunda qəhrəmanlıqla döyüşdülər. Qocaman müəllimlərimiz həsrətli hislərlə doğma yurd yerlərini görmək arzularını dilə gətirdilər.         Məktəbin təqaüddə olan fədakar müəllimi, el ağbirçəyi Səmayə Mirzəyeva sayca üçüncü kitabı olan Kosalar məktəbinin 100 illiyinə həsr etdiyi "Bir əsrlik xatirələr" kitabı haqqında məlumat verdi. O, bildirdi ki, redaktorluğunun Firəngiz İdrisqızının etdiyi kitabda məktəbin 100 illik fəaliyyəti ərzində çalışmış müəllimlərin həyat və fəaliyyəti haqqında məlumatlar toplanıb. Kitabda həm də Səmayə müəllimənin 51 ildən sonra tələbə yoldaşları - Şuşa Pedaqoji Texnikumu məzunları ilə görüşünü işıqlandıran yazı da yer almışdır.          
    Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov bildirdi ki, Kosalar məktəbinin hər sahədə çalışan məzunları vardır. Onlardan rayon icra hakimiyyəti aparatında birgə çalışdıqları şəxslərin nümunəvi fəaliyyəti ilə fərqləndiklərini dedi. Özünəməxsus ənənələrilə fərqlənən məktəbin tədris nailiyyətləri həmişə yüksək olduğunu qeyd edən rayonumuzun icra başçısı məktəbin pedaqoji kollektivinə gələcək fəaliyəyyətlərində uğurlar arzuladı. Məktəbin öz fəaliyyətinin tezliklə doğma torpaqlarımızda davam etdirəcəyinə olan inamını vurğuladı.         Tədbirdə şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.         Tədbir xoş ovqatla yekunlaşdı. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib55 dəfə
    100 yaşlı kosalar məktəbinin yubileyi qeyd olundu

    Maraqlı gələ bilər
    41
    0